Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş radio.

Qızları evdən qaçmağa nə vadar edir? MÜTƏXƏSSİS RƏYİ

Baxış: 793
Tarix: 23-10-2016, 16:51

Son zamanlar gənc qızların itkin düşməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Onlardan bəziləri geri qaytarılsa da, bəziləri ilə bağlı informasiyalar sona çatdırılmır. Milli mentalitetimizə nəzərə alaraq ailələr çox zaman belə halları gizlətməyə də çalışırlar. Bəziləri belə hallarda valideynləri, bəziləri də qızları qınayır. Lakin əsil səbəb nədir və gənc qızları qaçmağa nə vadar edir?

"Qızların evdən qaçmasının əsas səbəbi ailədə onlara göstərilən münasibətdir"

Bu barədə SİA-ya açıqlama verən psixoloq Fərəh Quliyeva söyləyib ki, gənc qızların evdən qaçmasının əsas səbəbi ailədə onlara göstərilən münasibətdir: "Əgər-ana ilə qız arasında hər hansı sərhəd, bölüşmək imkansızlığı varsa, o zaman qızlar öz problemini kənarda rəfiqəsi ilə bölüşməyə üstünlük verirlər. Həmin qızlar rəfiqəsi ilə münasibətlərində travma yaşadıqda isə digər əlaqələr haqqında düşünəcək. Belə hallarda qızlar çıxış yolunu sevgili tapmaqda görürlər. Bütün fikirlərini həmin bəylə bölüşən qızlarda bağlantı yaranır ki, belə hallarda oğlan tərəfindən qaçmaqla gələn təklif tərəddüd edilmədən qəbul olunur. çünki, qız düşünür ki, onsuzda məni evdə anlayan yoxdur və əgər qarşıma məni anlayan bir insan çıxıbsa, nədən onunla birgə yaşantı haqqında düşünməyim?  Bəzən valideynlər uşaqlarına uğursuz olduqlarını və ya kiminsə övladının ondan üstün olduqlarını söyləyir, onları kiçildirlər. Bu cür hallarda qız təbii ki problemini, fikrini ana ilə bölüşməkdən uzaq qaçacaq, qarşısına da evdən qaçmaqla bağlı təklif gəldikdə onu reallaşdırmağa çalışacaq".

"Psixoloji cəhətdən qızlar daha həssas olurlar"

Ailədə qız övladlarının daha həssas olduğunu deyən psixoloqun sözlərinə görə, valideynlər qız övladlarına qarşı daha alayışlı olmalıdırlar: "Çox təəssüf ki, bizdə qınaq anlayışdan daha çoxdur. Bir qız evdən qaçdıqdan sonra ona edilən qınaqlar vəziyyəti daha da gərginləşdirir. Evdən qaçan qıza mütləq şəkildə ağlın olsaydı bunu etməzdin, niyə ailəni düşünmədin kimi sözlər söylənilir.  Belə məqamlarda valideynlər bəzi nüansları nəzərə almaq əvəzinə onların üzərindən keçib gedir, problemin kökündə nəyin dayandığını anlamağa çalışmırlar. İnsanlarımız bilməlidir ki, evdən qaçan qız bunu təkbaşına etməyib. Əgər kimsə bunu edirsə, demək başqa insanların da günahı var. Valideyn qızına niyə bizi düşünmədin kimi sual verirsə, ondan öncə günahı özündə axtarmalıdır. Ananın qızına ayrıca biləcəyi zamanı, ona qarşı xoş münasibəti yoxdursa, sonda onun bu kimi hadisələrlə rastlaşması qaçılmazdır. Bu baxımdan valideynlər uşaqlıqdan qızları ilə yanaşmada daha ehtiyatlı  və anlayışlı olmalıdırlar. Çünki psixoloji cəhətdən qızlar daha həssas olurlar. Məhz bunun səbəbində xanımlar daha çox ağlamağa meylli, küsəyən olurlar. Qınaqdan əvvəl insanlar bir-birini anlamağı öyrənməlidirlər. Əgər insan mənəvi cəhətdən güclü olsa, o zaman heç vaxt yanlış addım atmaz".

"Qaçmaqla xoşbəxtlik əldə edilməz"

F. Quliyeva qeyd edib ki, bəzən evdən qaçmaq qızları böyük təhlükələrə ata bilər: "Xanımlar evdən qaçdıqda bununla özlərini xilas etmiş olduqlarını düşünürlər. Lakin bu addım onları böyük təhlükələrə də ata bilər. Gənc qız ailəsində xoşbəxt deyilsə, o bilməlidir ki, qaçmaqla xoşbəxtlik əldə edilməz. Bəzən olur ki, sevdiyim dedikləri bəy onları heç nə ilə tək qoyub gedir. Belə olan halda, həmin qızlar ikili problemlərlə üz-üzə qalırlar. Bəzi hallarda isə qaçdıqları bəyin anası tərəfindən qınana bilir. Oğlanın anasından yaxşı qız olsaydın valideynini dinləyərdin, ağlın olsaydı qaçmazdın, valideyninin sözünə qulaq asmayan mənə heç qulaq asmaz kimi ifadələr eşitmək məcburiyyətində qalırlar ki, bu da onların psixoloji vəziyyətini daha da gərginləşdirə bilir. Belə mühitdə dünyaya gələn uşağın psixologiyasını düşündükdə isə vəziyyətin yalnız mənfi tərəfə yönəldiyini görmək olar".

" İstənilən vəziyyətdən bir çıxış yolu var"

"Əgər bu duruma düşən xanımlar varsa, onlara yenidən depressiyaya düşməmək tövsiyə  olunur. Belə xanımlar bilməlidir ki, istənilən vəziyyətdən çıxış yolu var. Daxilən kompleksli olan xanımlar psixoloqa getməyi özünə narahatçılıq hesab edirsə, o zaman həmin anda özündən böyük, iş xanımı və ya ziyalı biri ilə ünsiyyət qura bilərlər. Ümumiyyətlə, burada maarifləndirməyə də yer ayrılmalıdır. Sözügedən mövzu ilə bağlı yazıların, məqalələrin yazılması da həmin tədbirlərə aid edilə bilər. Ümumilikdə isə götürsək, ölkəmizdə nümunəvi gənclərimizin sayının çox olmasını uğurumuz hesab etmək olar”- deyə, psixoloq əlavə edib. 
































Qızları evdən qaçmağa nə vadar edir? MÜTƏXƏSSİS RƏYİ
Share |